Haqqımızda

“YUĞ” teatr-studiyası 18 oktyabr 1989-cu ildə Akademik Milli Dram Teatrının nəzdində Vaqif İbrahimoğlu və Həsənağa Turabov tərəfindən yaradılıb. 
1992-ci il 3 dekabr tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 644 saylı qərarı ilə studiyaya dövlət statusu verilib və Azərbaycan teatr məkanında “YUĞ” teatr-studiyasını “YUĞ” Dövlət Teatrı əvəzləyib
2003-cü il 18 iyul tarixində "YUĞ” teatrı M.Muxtarov küçəsi 83 ünvanında yerləşən və XIX əsr memarlıq abidəsi olan binaya köçürülüb. 2016-cı ildə sözügedən binanın sökülməsindən sonra teatr müvəqqəti olaraq, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyətini davam etdirir. 
Teatrda yarandığı gündən bu günə qədər 100-dən artıq tamaşa hazırlanıb. Teatrın ilk işi M.Şəhriyarın “Heydərbabaya salam” poeması əsasında hazırlanan “Salam” tamaşası olub. Kollektiv bu illər ərzində klassik şairlərdən M.Füzulinin, N.Gəncəvinin, Ş.İ.Xətainin, müasirlərimizdən R.Rövşənin, V.B.Odərin şeirləri, K.Abdullanın, A.Məsudun, F.Mustafanın, O.Fikrətoğlunun əsərləri əsasında müxtəlif tamaşalara quruluş verib. Bundan başqa, teatrın repertuarında C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı, İ.Əfəndiyev, dünya klassiklərindən U.Şekspir, S.Bekket, A.P.Çexov, R.Akutaqava, F.Kafka, A.S.Ekzüperi kimi müəlliflərin əsərləri də var. “YUĞ” Dövlət Teatrı bir çox beynəlxalq və respublika miqyaslı festivallarda uğurla çıxış edib. 
Hazırda Teatrın direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənov, baş rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir. Bu gün YUĞ Teatrında iki Xalq artisti, dörd Əməkdar artist, bir Əməkdar incəsənət xadimi, iki Əməkdar mədəniyyət işçisi fəaliyyət göstərir.